Rusiyanın Çukotka vilayətindən qayıqla üzərək Alyaskaya gələn iki rusiyalı Müqəddəs Lavrens adasında saxlanılıb.
Hafta.az-ın yazdığına görə, dindirmə zamanı ruslar deyiblər ki, Müqəddəs Lavrens adasından təxminən 500 kilometr aralıda yerləşən Çukotkanın Yeqvekinot kəndində yaşayırlar. Onlar ABŞ-a məxsus adaya qayıqla gəldiklərini və səfərbərlikdən qaçdıqlarını bildiriblər.
Bu arada, Müqəddəs Lavrens adası ilə ABŞ-ın əsas ərazisi arasında ən yaxın məsafə 65 kilometrdir.
Rus miqrantlar Alyaskanın ən böyük şəhəri olan Ankoricə göndərilib. Burada onlar federal hakimiyyət orqanlarına təhvil veriliblər.
Alyaska qubernatoru Mayk Dunleavy isə Rusiyadan davamlı mühacir axını gözləmədiklərini söyləyib.
Xatırladaq ki, sentyabrın 21-də Rusiyada “qismən səfərbərlik” elan edildikdən sonra ölkəni tərk edənlərin sayı xeyli artıb.